Turizm sahəsi üzrə təlimlərin iştirakçılarına sertifikatlar təqdim edilib
23.6.2016

İyunun 22-də 5 nömrəli Bakı Peşə Liseyində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” təlimində iştirak edən müəllim və şagirdlərə sertifikatların təqdimetmə mərasimi olub.

Təhsil Nazirliyindən bildiriblər ki, tədbirdə bu qurumun, “British Council” təşkilatının və turizm sənayesi müəssisələrinin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, Təhsil Nazirliyi “British Council” təşkilatı və turizm sənayesi müəssisələri – “Hilton” və “Fairmont” otelləri ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirib. Layihə çərçivəsində cari ilin may-iyun aylarında 45 şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirilib.

Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının işəgötürənlərlə birgə həyata keçirilməsinə imkan yaradılmasıdır. Habelə ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun və təcrübəyə əsaslanan proqramın yaradılması, məzunların məşğulluq imkanlarının artırılması da layihənin əsas hədəflərindəndir.

Təlimlərə Böyük Britaniyanın peşə təhsili üzrə təcrübəsindən faydalanaraq, təhsilin məzmunu və təlimlər üzrə ixtisaslaşmış “People 1st” təşkilatı dəvət edilib. Ekspert tərəfindən 12 müəllimə otelçilik, fəal istirahət, səyahət və turizm üzrə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunub. Eyni zamanda, həmin müəllimlər tərəfindən tərtib edilmiş kurikuluma uyğun olaraq, şagirdlər üçün də təlimlər keçirilib.

Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 45 şagird 5 nömrəli Bakı Peşə Liseyində iki həftəlik nəzəri təlimlərdə və paytaxtdakı beşulduzlu “Hilton” və “Fairmont” otellərində altı həftəlik istehsalat təcrübəsində iştirak ediblər.

Pilot layihənin davamı kimi növbəti tədris ilindən etibarən üç ixtisasın kurikulumunun hazırlanması (oteldə konsiyerj, aşpaz, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) və təhsil müddəti bir il olan qruplarda kadr hazırlığının aparılması nəzərdə tutulur.

Sonda təlimdə iştirak etmiş məzunlara sertifikatlar təqdim olunub.

azertag.az