İyunun 24-də Xaçmazda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı birinci beynəlxalq festival keçiriləcək.
Mərkəzdən bildirilib ki, “Multikulturalizmin alternativi yox” şüarı altında keçiriləcək tədbirin məqsədi Azərbaycanda tarixən multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.
Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan “Multikultural dəyərləri yaşadaq” adlı birinci beynəlxalq festivalda ümumilikdə 37 rayondan 400 nəfərə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.
Bir gün ərzində keçiriləcək festival çərçivəsində multikultural dəyərləri tərənnüm edən müxtəlif səpkili tədbirlər təşkil olunacaq. Ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” adlı konsert proqramı, milli idman növlərinin nümayişi - zorxana, güləşçilər, pəhləvanlar, kəndirbazlar və s. keçiriləcək. Ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənətinin və digər sənət əsərlərinin nümunələrindən ibarət sərgi açılacaq. Həmçinin, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqidən ibarət konsert, “Azərbaycan – dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisinin təşkili nəzərdə tutulub.
azertag.az