​"Accessbank" yeni əmanət məhsulunu istifadəyə verib
23.6.2016

"Accessbank" QSC bu gündən etibarən müştərilərə yeni, “Yüksələn” əmanət məhsulunu təklif edib. 

Banka istinadən verilən xəbərə görə, yeni əmanət müştərilərə öz vəsaitlərini daha uzun müddət saxlamaqla daha çox faiz gəliri əldə etmək üçün imkan yaradır. Belə ki, bu əmanət üzrə faiz dərəcələri əmanətin aktiv olduğu dövr ərzində müəyyən müddətdən bir yüksəlir. “Yüksələn” əmanətin üstünlüklərindən biri də odur ki, müştərilər əmanəti istənilən zaman hesablanmış faizlərlə birlikdə tam şəkildə geri ala bilərlər.

“Yüksələn” əmanətdən AZN və ABŞ dolları valyutalarında həm fiziki, həm hüquqi şəxslər faydalana bilərlər.

"Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "Access Holding" tərəfindən yaradılıb. "Accessbank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1 800-dən artıq əməkdaş çalışır. "Fitch Ratings" agentliyi "Aceessbank"ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən "BB+" dərəcəsi ilə qiymətləndirib.

report.az