Dövlət qulluqçularının peşə bayramı Masallıda qeyd olunub
24.6.2016

İyunun 23-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda dövlət qulluğu sahəsində işləyənləri peşə bayramı günü münasibətilə təbrik edib.

Ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirən icra hakimiyyətinin başçısı Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirib.

Respublikamızda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən R.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən nailiyyətlərdən danışaraq ölkəmizdə çevik dövlət idarəetmə sisteminin formalaşdığını diqqətə çatdırıb.

İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2016-cı il 22 iyun tarixli Sərəncamı ilə rayon icra hakimiyyətinin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovu “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi münasibətilə təbrik edərək dövlət qulluqçularına məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirdə rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmovun dövlət qulluqçularının peşə bayramı ilə bağlı məruzəsi dinlənilib.

Toplantıda çıxış edənlər dövlət qulluqçularının rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəaliyyətlərini yüksək qiymətləndirərək onlara ən xoş arzularını çatdırıblar.

Sonda dövlət qulluqçularının bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.

azertag.az