BMTİP-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq barədə müzakirələr aparılıb
24.6.2016

BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında müzakirələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai arasında keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Nazirlikdən bildirilib ki, görüşdə ötən ilin sentyabrında BMT-nin Davamlı İnkişafa həsr olunmuş Sammitində qəbul olunmuş "Yeni Dayanıqlı İnkişaf Gündəliyi - 2030" çərçivəsində BMT-nin institutları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması imkanlarının genişliyi və bu əməkdaşlıq üçün Azərbaycanda lazımi resursların mövcudluğu vurğulanıb.

Q. İsakzai öz növbəsində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı Azərbaycan tərəfini təbrik edib, sözügedən forumun BMT ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Əbülfəs Qarayev isə qonağa iyunun 29-da BMT-nin Baş qərargahında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təqdimatının nəzərdə tutulduğu və hazırda nazirlik tərəfindən təqdimat mərasiminin təşkili üzrə iş aparıldığı barədə məlumat verib.

azertag.az