Azərbaycanın bənzərsiz opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı sənətkarın adını daşıyan memorial muzeydə tədbir keçirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova dahi Bülbülün Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. F.Cabbarova Bülbülün xatirəsinin əbədiləşdirilməsində, muzeyin yaradılmasında onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı, uzun illər muzeyə rəhbərlik etmiş Adelaida Məmmədovanın fədakar xidmətlərindən bəhs etdi.
Çıxış edən digər natiqlər sənətkarın bənzərsiz yaradıcılıq yolundan söz açıblar.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Asəf Zeynallının "Ölkəm" romansını, Fikrət Əmirovun "Muğam poeması"nı, Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi isə Ü.Hacıbəylinin "Sevgili canan" romansını ifa ediblər.
Sonda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış görkəmli mədəniyyət və incəsənət xadimlərinin Bülbül haqqında bölüşdüyü xatirələrdən ibarət videorolik nümayiş olunub.
azertag.az