Bakıda “Göydən üç nar düşdü” adlı kukla sərgi açılıb
24.6.2016

Bakıdakı Fransa İnstitutunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Fərəh Əliyevanın “Göydən üç nar düşdü” adlı müəllif kuklaları sərgisi açılıb.

Tədbirdə Xalq Rəssamı Ağaəli İbrahimov, Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Yoan Şiterer sərginin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, bir çox tematik sərgilərin iştirakçısı olan Fərəh Əliyevanın əsərləri beynəlxalq sərgilərdə və müxtəlif ölkələrin muzeylərində nümayiş edilib. Onun həyat sevgisi ilə dolu, qadın gözəlliyini əks etdirən əsərlərində hisslər və emosiyalar ifadə olunub. Müəllif Azərbaycan nağıllarından, personajlarından, milli rəssamların əsərlərindən ilhamlanaraq, işlərində milli koloritlərdən istifadə edib.

Sərgidə rəssamın “Buta”, “Sarı gəlin”, “Milli rəqs”, “Tıq-tıq xanım”, “Bakılı qız”, “Tanqo”, “Qəhvə ətirli qadın” və başqa əsərləri nümayış olunub.

Vurğulanıb ki, müəllif əsərlərində kiçik bir Azərbaycan dünyası təqdim etməyə çalışıb.

Sonda Fərəh Əliyeva sərginin təşkilinə dəstək verən bütün insanlara minnətdarlığını bildirib.

Sərgi iyunun 25-dək davam edəcək.

azertag.az