Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunacaq Azərbaycan Könüllülük Xidmətinin (AKX) Yay məktəbində iştirak üçün qeydiyyata start verilib.
ARGTMŞ-da AZƏRTAC-a bildiriblər ki, yay məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.
Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, onların bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilir.
Yay məktəbi zamanı dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi, onun gələcək perspektivləri və gözləntilər, gənclər təşkilatlarına, irimiqyaslı dövlət tədbirlərinə könüllülərin cəlb olunması və onların rolu, beynəlxalq mühitdə könüllük təcrübəsi mövzuları ətrafında müzakirələr aparılacaq.
Sonra yay məktəbi çərçivəsində iştirakçılara “könüllülük nədir?”, “könüllülərin cəlb olunması və idarə olunması”, “könüllülük sahəsində yerli və beynəlxalq sahədə təcrübə” mövzuları haqqında ətraflı məlumat veriləcək, seminarlar və təlimlər təşkil olunacaq. Təlimlər çərçivəsində, həmçinin qeyd olunan mövzularla bağlı qrup işləri təşkil olunacaq.
Yay məktəbi zamanı iştirak hüququ qazanan gənclər mədəni-idman proqramında da iştirak etmək şansı qazanacaqlar.
Qeyd edək ki, dörd gün davam edəcək AKX Yay məktəbində 60 gənc iştirak etmək şansı qazanacaq. Gənclər təşkilatlarının nümayəndələri yay məktəbində iştirak etmək üçün iyunun 30-u saat 18:00-a qədər akx.nayora.az səhifəsinə daxil olmaqla müraciət formasını doldura bilərlər.
azertag.az