Azərbaycan Xalça Muzeyində “ShushaPost.az” saytının növbəti təqdimatı keçirilib
24.6.2016

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin təşəbbüsü ilə hazırlanan “ShushaPost.az” saytının növbəti təqdimatı Azərbaycan Xalça Muzeyində təşkil olunub. Sayt ASGA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Şuşaya doğru – ShushaPost.az” layihəsi çərçivəsində hazırlanıb.

ASGA-dan bildiriblər ki, tədbirdə çıxış edən Assosiasiyanın sədri Səbuhi Abbasov bu il 10 yaşını qeyd edən ASGA-nın həyata keçirdiyi layihələrin böyük əksəriyyətinin ölkəmizin təbliğinə həsr olunduğunu vurğulayıb. Bildirib ki, Assosiasiya Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Ermənistan və erməni diasporu ilə informasiya savaşında fəal iştirak edərək düşmənə layiqli cavab verməyi əsas hədəf kimi müəyyənləşdirib. Layihə çərçivəsində Qarabağ həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinin diqqətinə çatdırılması qarşıya əsas məqsəd qoyulub. Bu baxımdan “ShushaPost.az” saytının Bakı ilə yanaşı, Azərbaycanın bir sıra regionlarında, eləcə də slavyan ölkələrində də təqdimatının keçirilməsi nəzərdə tutulub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, müharibə şəraitində yaşayan və torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilən ölkənin vətəndaşları informasiya müharibəsində çox fəal olmalıdırlar. Dünyada cərəyan edən hadisələr də onu deməyə əsas verir ki, hər bir dövlət hərbi və iqtisadi gücə malik olmaqla yanaşı, informasiya savaşında da düşmənlərinə qalib gəlməyi bacarmalıdır. Bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi imkan verir ki, hər bir azərbaycanlı ölkəmiz barədə səmərəli təbliğat işi aparsın.

Sosial şəbəkələrdə daha fəal olan gənclərin bu sahədə üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran V.Quliyev deyib ki, bu gün Azərbaycan dövləti gənclərimizin öz təşəbbüslərini gerçəkləşdirmək üçün kifayət qədər geniş imkan yaradıb. Gənclər bu imkanlardan maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Onlar Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində səylərini gücləndirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxışında qurumun dəstəyi ilə bu istiqamətdə onlarla layihənin həyata keçirildiyini deyib. Bildirib ki, Gənclər Fondu üçün Dağlıq Qarabağ mövzusu hər zaman prioritet məsələdir. Bu baxımdan Fond nəinki gənclər təşkilatlarının, habelə fiziki şəxslərin də bu istiqamətdə təşəbbüslərini dəstəkləyir.

Millət Məclisin deputatı Elşən Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə də çıxışlarında layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonra ölkəmizin haqlı mövqeyini virtual məkanda fəal müdafiə etdiyinə görə fərqlənən bir qrup gənc diplomlarla təltif edilib.

azertag.az