İyunun 23-də Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları bu əlamətdar gün münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra icra hakimiyyətində “dəyirmi masa” keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər görülüb. Bütün sahələrdə olduğu kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Vurğulanıb ki, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığının artırılması məsələsi daim diqqət mərkəzində saxlanılır.
A.Əsgərov rayon icra hakimiyyətinin bir əməkdaşının Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirib.
Digər çıxış edənlər dövlət qulluqçularının fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalı olduqlarını bildiriblər. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlığın dövlət qulluğunda əsas meyarlar olduğu qeyd edilib.
Sonra dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin bir sıra əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.
azertag.az