Azərbaycan ərazisində yağışlar davam edəcək
10.7.2012

Bakıda müşahidə edilən qeyri-sabit hava yay fəsli üçün xarakterik deyil. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, ümumi götürdükdə isə belə yağışlar əvvəllər də yay dövründə müşahidə olunub: “Azərbaycanda əvvəlki illərdə də yayın ayrı-ayrı günlərində ölkədə daşqın və sellər müşahidə edilib”.

Baş hidroloq deyib ki, dünyada ekstremal hidrometeoroloji hadisələrdə artım baş verməkdədir: “Buraya sel, daşqın, güclü istilər, əsasən də güclü küləklər daxildir. Buna misal olaraq 2010-2011-ci ildə müşahidə edilən istiləri, 2010-cu ildə Azərbaycan ərazisində davam edən uzunmüddətli istiləri göstərmək olar”.

A. Verdiyevin sözlərinə görə, sinoptik şəraitlə əlaqədar iyulun 11, 12 və 13-də Azərbaycanda əsasən gecə və axşam yağışların davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında iyulun 11, 12 və 13-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. İyulun 13-də isə gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış ehtimalı var. Havanın temperaturu iyulun 11, 12-də 30-35, 13-də isə 28-33 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində, iyulun 11-də gün ərzində hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Bu gün gecə və axşam saatlarında şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq. Dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakter daşıyacağı proqnozlaşdırılır.

Aran rayonlarında havanın temperaturu 32-37, dağlıq rayonlarda 21-26 dərəcə olacaq.

APA