“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı keçiriləcək
24.6.2016

2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən respublikamızda çoxsaylı tədbirlər təşkil edilir.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə ölkəmizdə yaşayan xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları “Musiqi dünyası” jurnalında çap olunub.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görülən işlərin davamı olaraq iyunun 28-dən 30-dək Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalının keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, Heydər Əliyev Sarayında festivalın qala konserti keçiriləcəkdir.

Bununla yanaşı Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və fotokataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa”nın təşkili planlaşdırılır.

azertag.az