“Ər və arvad” tamaşası yenidən musiqili teatrın repertuarında
24.6.2016

Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, rejissor Yusif Əkbərovun quruluşunda təqdim olunan səhnə əsərinin nümayişi iyunun 26-da baş tutacaq.

Tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayevadır.

Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edəcəklər.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin məhz bu ölməz səhnə əsəri ilə qoyulub.

azertag.az