Azərbaycan "tax-free"nin tətbiqi ilə bağlı Vergilər Məcəlləsinə dəyişiklik edib
24.6.2016

Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə təklif olunan yeni əlavə və dəyişikliklər təsdiq edilib.

Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində ƏDV-nin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq.

Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Bildirilib ki, dəyişiklik Azərbaycanda ticarət dövriyyəsini artıracaq və turizmi inkişaf etdirəcək.

report.az