Yüz yaşlı “Ölülər”in yeni uğuru
28.6.2016

Bəlkə də son illər Akademik Milli Dram Teatrına üz tutanlar dünən axşamkı qədər uğurlu tamaşaya baxmamışdılar. O axşam səhnəyə tam yeni quruluşda yüz yaşlı “Ölülər” çıxarılmışdı. Azərbaycan teatrının flaqmanı, onlarla sənət korifeyinin adını teatr tariximizə qızıl hərflərlə yazdırmış bu əlçatmaz məbəd sanki bu tamaşa ilə yeni eraya, dövrə qədəm qoyurdu. Bu ifadə bəlkə də, qəribə görünə bilər. Nə yeni əsr, nə yeni era? Bəli, düz tutdunuz, yeni sənət dövrü və yeni sənət eşqi. Niyə məhz yeni? Axı yaxşı bilirsiniz ki, Cəlil Məmmədquluzadənin 1916-cı ildə səhnələşdirilən bu əsəri əsasında hazırlanan eyniadlı tamaşada daha kimlər özünü təsdiqləməyib! Tamaşanın ilk rejissoru Hüseynqulu Ərəblinski olub, ilk dəfə İsgəndər rolunu Mirzağa Əliyev, Şeyx Nəsrullah rolunu isə Əliqulu Nəcəfov canlandırıb. Bundan sonra “Ölülər”in Azərbaycan səhnəsində uğurlu həyatı başlayıb. Tamaşa keçmiş sovetlər birliyində, eləcə də qədim Təbrizdə uğurla göstərilərək alqışlarla qarşılanıb. Təbii ki, hər rejissor bu əsərə yeni prizmadan, özünəməxsus yaradıcılıq tələblərindən yanaşıb. Uğur qazananı da olub, qazanmayanı da.

Bu məqamda bir məsələni də qeyd etməliyik. 1948-1949-cu teatr mövsümündən 1966-cı ilə kimi “Ölülər” Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynanılmayıb. 1966-cı ildə C.Məmmədquluzadənin 100 illik yubileyi ərəfəsində Akademik Dram Teatrının kollektivi böyük dramaturqa öz töhfəsini vermək üçün onun "Ölülər" əsərinə müraciət edir. Həmin ilin noyabrın 12-də milli teatr sənətimizin parlaq simalarından olan Tofiq Kazımov “Ölülər”i yenidən səhnəyə “dəvət” edir. Tofiq Kazımov Mirzə Cəlilin ruhunu saxlamaqla əsərə elə ədibin elə öz felyetonlarından bir çox yeni mətnlər də əlavə edir və ortalığa ölməz əsərin yeni traktovkasını qoya bilir. Sözsüz ki, bu, təkcə Tofiq Kazımovun uğuru sayıla bilməzdi. O, əsl peşəkarlarla işlədi, ətrafına dövrünün korifeylərini yığdı. Kim idi onlar? Tofiq Kazımovun quruluşunda rəssam Elçinin maraqlı dekorları, Qara Qarayevin bənzərsiz musiqisi, Kefli İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza Şeyxzamanovun ifası ilə “Ölülər” səhnədə yenidən dirildi.

Bu sırada Şeyx Nəsrullah rolunun təkrarsız ifaçısı Xalq Artisti Məlik Dadaşovu xüsusilə qeyd etmək lazımdır. Onun yaratdığı obrazın bu qədər canlı və uzunömürlü olmasının bir səbəbi də əruz vəzninin əsl bilicilərindən olan, görkəmli alimimiz Əli Fəhminin tamaşanın hazırlığına cəlb edilməsi olmuşdur. O, Məlik Dadaşova pyesdəki ərəb-fars sözlərini elə mənimsətmişdi ki, baxan elə bilirdi ki, doğrudan da o, İsfahandan gəlib. Tamaşaçıya elə gəlirdi ki, artıq bu obraza, eləcə də unudulmaz sənətkarımız Həsənağa Turabovun yaratdığı Kefli İsgəndərə möhür vurulub və burada yenilik edib, onu təzədən sevdirmək mümkünsüzdür.

Amma ağıllı insanlardan biri deyib ki, söhbət sənin hansı vəzndə yazmağından getmir, nə yazmağından və necə yazmağından gedir. Ən köhnə üslubda, ən işlənmiş mövzuda da yeni nə isə demək mümkündür. Bu mənada Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemətin işini uğurlu saymaq olar. Teatrşünas olmasam da deməliyəm ki, bəlkə də yenidən səhnələşdirilən bu tamaşaya münasibətdə sağa-sola işlətdiyimiz “uğur” kəlməsi bir qədər zəif səslənir. Azı ona görə ki, bu qədər müqtədir sənətkarlardan sonra yüz illik bir yola yeni cığır salmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Lakin o, bunu etdi və göstərdi ki, sənəti sevəndə və bir işə ürək verəndə nə isə alınır. Sözsüz ki, onun bu uğurunda aktyor heyətinin də böyük zəhməti var. Ən böyük roldan tutmuş ən xırda obrazın ifaçısına qədər hər kəs səhnəyə “Ölülər”ə can vermək üçün çıxmışdı. Xüsusilə də bu missiyaya birbaşa cavabdeh olan yeni əsrin yeni Şeyx Nərrullahı Xalq Artisti Nürəddin Mehdixanlı öz obrazını oynamadı, yaratdı. Hərəkəti, mimikası, yerişi, duruşu, şeyxə yaraşan ədası, ən əsası isə sənət yanğısı ilə. Yaratdı, zəhməti, alın təri, istedadı və ən əsası Azərbaycan teatrına sayğısı ilə. Yaratdı bu səhnədə can qoyan neçə-neçə ölməz sənətkarımızın ruhuna sonsuz sevgisi ilə. Kefli İsgəndərin gənc ifaçısı Anar Heybətovun də zəhmətini danmaq insafsızlıq olar. O da yaratdı, özü də Kefli İsgəndərin kefini pozmadan yaratdı...

O gecə mənim kimi hamı “Ölülər”i ayaq üstə ürəkdən alqışladı, tamaşaçı sanki bu halal alqış üçün darıxmışdı, elə bil teatr belə sənət əsərləri üçün qəribsəmişdi. Bu tamaşa bir daha göstərdi ki, teatr ölməzdir, əbədidir, bacarsan, sənətə layiq olduğu kimi yanaşıb ortaya mükəmməl, ən ciddi teatr xiridarlarına da zövq verən tamaşa çıxara bilsən, hamı gələr, baxar və ürək dolusu sevinər.

Mənə elə gəlir ki, Azərpaşa Nemət yeni quruluşda təqdim etdiyi “Ölülər”lə o axşam ruhumuzu təzələdi və bizi teatrımızı diri saxlamağa çağırdı.

azertag.az