Azərbaycan Rusiyaya növbəti humanitar yardım karvanı göndərib
10.7.2012

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiyanın Krasnodar diyarında sel fəlakəti ilə əlaqədar növbəti yardım karvanını yola salıb. Bu gün yola salınan karvanı da 22 maşından ibarət olub.

Maşınlardan 20-nə içməli su, bir avtomobilə uşaqlar üçün gigiyenik paketlər, bir avtomobilə isə qadın və uşaqlar üçün geyimlər yüklənib.

FHN Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlar üçün yola salınan ikinci yardım karvanıdır.

«Yardım karvanı sabah fəlakət zonasına çatacaq», - deyə İ. Abdullayev vurğulayıb.

Generalın sözlərinə görə, avtomobil karvanı ilə daşqın zonasına FHN-in 51 nəfərlik şəxsi heyəti də yola düşüb. Hazırda Krasnodarda birinci karvanla getmiş FHN-in 38 əməkdaşı var.

Qeyd edək ki, iyulun 8-də yola salınmış birinci humanitar yardım karvanı da 22 avtomobildən ibarət olub. İlk karvanla fəlakət zonasına ərzaq məhsulları göndərilib.

Xatırladaq ki, Krasnodar diyarına baş verən daşqınlardan 24 min nəfər ziyan çəkib, 172 nəfər ölüb.

APA