Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları iyunun 28-də daha bir möhtəşəm tədbiri reallaşdırıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələr Günü münasibətilə təqdim olunan tamaşa-konsert ənənəvi olaraq xeyriyyə xarakteri daşıyıb.
Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşqusu ilə müşayiət olunub.
Maraqlı səhnə həlli verilən tamaşanın müəllifi yazıçı Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir.
Anşlaqla keçən tamaşa-konsertdə studiyanın istedadlı üzvləri - İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Aylin Nəcəfli, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış edirdilər.
Qeyd edək ki, tədbir Müasir Psixologiya Mərkəzi ilə birgə hazırlanıb və valideyn himayəsindən məhrum uşaqlarla reabilitasiya xarakteri daşıyıb.
azertag.az