Azərbaycan musiqiçiləri Fransanın milli bayramında konsert verib
30.6.2016

Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Sen-Jan milli bayramı münasibətilə konsert proqramı təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, konsertdə Xalq Artisti Yusif Qasımovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblının ifasında Azərbaycanın milli rəqsləri təqdim olunub.

Konsert proqramını Sen Simeon kommunasının meri Patrik Rabaglia, Fransa senatının üzvü Natali Qule də izləyiblər. Senator N.Qule Azərbaycanın Dostları Assosiasiyasına və Azərbaycanın Fransadakı səfirliyinə tədbirə görə təşəkkürünü bildirib və rəqs ansamblının rəhbəri Yusif Qasımova Fransa Senatının xatirə medalını təqdim edib.

Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyeva təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, Azərbaycanın zəngin mədəniyyətinin təbliği və Fransa-Azərbaycan münasibətlərinin möhkəmlənməsində qurumun verdiyi töhfələrdən danışıb.

azertag.az