Milli Azlıqların V Respublika Festivalı çərçivəsində qala-gecə
1.7.2016

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 30-da Heydər Əliyev Sarayında “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı çərçivəsində qala-gecə təşkil olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Ulu öndər Heydər Əliyevin azsaylı xalqların mədəniyyətinə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən nazir müavini bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafından söz açan V.Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini ölkəmizdə və beynəlxalq aləmdə bu dəyərlərin təşviqi və inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirib.

Multikulturalizmin Azərbaycanın həyat tərzi olmasından danışan natiq bu yöndə ölkəmizin ümumdünya mədəniyyətinə dəyərli töhfə verdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006-cı, 2008-ci, 2011-ci və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil olunub.

Daha sonra festivalın qala gecəsinə start verilib.

Gecədə Azərbaycanda yaşayan müxtəlif xalqların rəqs və musiqi kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış edib.

azertag.az