Rəsmi Kiyev Azərbaycan ərazisində Ukraynanın AN-178 tipli təyyarələrinin istehsalı ilə məşğul olacaq müəssisənin strukturu, tikinti və istismar fəaliyyəti ilə bağlı ilkin proqram təqdim edəcək. Bu barədə razılaşma bu gün keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə Hökumətlərarası Komissiyasının 11-ci iclası çərçivəsində əldə olunub.
Bu barədə məlumatı komissiyanın həmsədri olan Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko Azərbaycana səfəri çərçivəsində verib.
O, bu qərarın "Azərbaycan Hava Yolları" QSC və Ukrayananın "Antonov" dövlət müəssisəsi arasında 2016-cı il iyunun 7-də AN-178 tipli Ukrayna təyyarələrinin Azərbaycanda istehsalı ilə bağlı əldə etdikləri razılaşmanın inkişafı məqsədi ilə verildiyini vurğulayıb.
G.Zubkonun sözlərinə görə, müəssisənin layihə gücü ildə 12-15 təyyarənin inşasını nəzərdə tutur.
report.az