Azərbaycanda müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb. Bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, əsərlərin elektron qeydiyyatının maksimum müddəti 15 gün müəyyən olunub. Artıq müəlliflər və hüquq sahibləri agentliyə gəlmədən əsərlərinin elektron variantını Agentliyə göndərə bilər. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə prezidentinin fərmanına uyğun olaraq Agentliyin saytında “elektron xidmətlər” bölməsi yaradılıb. Bölmədə elektron qeydiyyat üçün ərizə nümunələri və lazım olan sənədlərin siyahısı göstərilib: “Əgər sənədlərdə hər hansı çatışmazlıq olarsa, dərhal sifarişçiyə məlumat verilir, o həmin səhvləri aradan qaldıraraq yenidən sənədləri Agentliyə göndərir. Müəllif vaxt itirmədən, əlavə pul xərcləmədən ona məxsus olan əsəri qeydiyyatdan keçirə biləcək. Artiq bununla bağlı reqlamentlər hazırlanıb və dövlət reyestrinə daxil olmaq üçün Ədliyyə Nazirliyinə təqdim olunub”.
APA