Ahıl insanlara göstərilən səhiyyə xidməti bir neçə istiqamətdə aparılır. Əhalinin digər təbəqələri kimi, bütün ahıllara dövlət tibb müəssisələrində xidmət göstərilir. Belə ki, ilkin səhiyyə strukturu olan ərazi poliklinikalarına müraciət edən bütün ahıllar orada müayinə olunaraq ixtisaslaşmış müalicə almaq üçün "Sağlamlıq sahəsi" poliklinikasına göndərilirlər. "Sağlamlıq sahəsi" poliklinikası 1961-ci ildə yaradılıb və hazırda fəaliyyət göstərən tibb müəssisəsidir.
Bu fikirlər iyulun 11-də ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkilinə dair “dəyirmi masa”da səsləndirilib. Məlumat verilib ki, “Sağlamlıq sahəsi”nə göndərilən xəstələr qeydiyyata götürülür, həkim müayinəsi, kliniki və biokimyəvi laborator müayinələr, elektrokardioqrafiya, ultrasəs müayinəsi, spirometriya, antropometriya və s. müayinə metodları aparıldıqdan sonra dar ixtisas həkimlərinə göndərilirlər. Burada müayinə və müalicə olunan ahıl xəstələr dispanser qeydiyyatına götürülür, ildə iki dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunurlar.
Tədbirdə bildirilib ki, tibbi demoqrafik vəziyyətin son illəri qlobal dəyişikliklərlə xarakterizə olunur və əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilib. Demoqrafların müşahidələrinə görə, sivilizasiya artdıqca, əhalinin qocalma prosesi sürətlənir. Bunun bir çox səbəbləri var: sivil ölkələrdə doğum səviyyəsi aşağı düşüb, ümumi əhali içərisində ahılların nisbi payı artıb. Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər - uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlməsinə səbəb olub. Dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər respublikamızdan da yan keçməyib. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb.
Qeyd olunub ki, cəmiyyətimizin və onun tərkib hissəsi olan ahılların sağlamlığının qayğısına qalmaq müstəqil respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə dövlət başçımızın sərəncamları ilə qəbul olunan və həyata keçirilən qanunlar, dövlət proqramları bunun bariz nümunəsidir.
Tədbir iştirakçılarına ölkəmizdə fəaliyyət göstərən Müharibə Veteranları Respublika Xəstəxanası haqqında da geniş məlumat verilib. Bildirilib ki, 300 çarpayılıq xəstəxanaya 2016-cı ilin 6 ayı ərzində 1799 nəfər qəbul edilib. Xəstələrin orta yaş həddi 77 olub. Xəstəxanada herontologiya şöbəsi 1982-ci ildən fəaliyyət göstərir.
azertag.az