Əbülfəs Qarayev: “Bakıda 2 və 3 ulduzlu mehmanxanaların tikintisi ölkəmizə daha çox turistin cəlb olunmasına imkan verər”
22.9.2011

“Bu ilin 6 ayı ərzində Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 9 faiz artıb”. Bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir Bakıda 2012-ci ildə keçiriləcək “Eurovision” musiqi yarışması ilə bağlı görülən işlər haqda da danışıb: “Artıq turist şirkətləri bununla əlaqədar öz paketlərini formalaşdırırlar. Əlavə mehmanxanaların açılışına da hazırlaşırıq və mehmanxanalarda qiymət siyasəti mövzusunda da müzakirələr gedir. Düşünürük ki, oktyabr ərzində qiymətlər internet vasitəsilə, turist şirkətlərinin materiallarında yayımlanacaq. Lakin bu işin vahid mərkəzi olacaq. Qonaqların yerləşdirilməsi prosesi və digər təşkilatı məsələlərin həyata keçirilməsi üçün qərargah yaradılacaq. Bu qərargah isə Heydər Əliyev Fondu tərəfindən formalaşdırılacaq”.
Ə. Qarayev Bakıda aşağı ulduzlu mehmanxanaların az olmasının mənfi xüsusiyyətləri haqda da danışıb: “Azərbaycanda, xüsusilə də Bakıda 2 və 3 ulduzlu mehmanxanaların fəaliyyət göstərməsi məsələsinə gəlincə, bu iş adamları ilə bağlı məqamdır. Biz onlara yalnız tövsiyə verə bilərik ki, bu cür mehmanxanaların inşası daha çox turistlərin cəlb olunmasına təkan verər. Odur ki, bu musiqi festivalına gənclərin daha çox gələcəyini nəzərə alaraq, 2 və 3 ulduzlu mehmanxanaların tikilməsinə müsbət münasibət göstərəcəyik”.
Nazir qeyd edib ki, “Eirovision”un keçiriləcəyi yerlə bağlı işlər isə prezidentin müvafiq sərəncamlarında öz əksini tapıb.