Mədəniyyət və Turizm Nazirliyi ilə dünyanın ən məşhur xəbər kanallarından olan “Euronews” və “CNN” kanalları arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
Nazirlikdən bildirilib ki, cari il ərzində “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi ilə yanaşı, telekanalın “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunub, habelə Euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil edilib.
Əməkdaşlıq çərçivəsində “Euronews” kanalı tərəfindən “Postcards” proqramının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb. Eyni zamanda, cari il aprelin 25–27-də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus” proqramının xüsusi buraxılışı yayımlanıb.
Bundan əlavə cari il ərzində “Postcards” proqramında “İçərişəhər”, “Xınalıqda piyada yürüşü” və ölkəmizin zəngin çay mədəniyyətinə həsr olunmuş proqramlar hazırlanıb.
Hazırda “CNN” kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkil olunması həyata keçirilir.
“Euronews” və “CNN” kanalları ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın əsas məqsədi təkcə ölkəmiz üçün kanalların auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, hökumətin ictimaiyyətin bütün sferalarına, iqtisadi və mədəni həyatının inkişafına köklənmiş siyasəti ilə bağlı maarifləndirmə səviyyəsini artırmaqdır.
Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika qitələri də daxil olmaqla dünyanın 200-dək ölkəsində 1 milyard nəfərədək auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
azertag.az