Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında qəbul imtahanı ilə bağlı mətbuat konfransı keçirilib
15.7.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 15-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən bu ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Bununla əlaqədar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib.

Qeyd olunub ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 47 binada aparılacaq. İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2.129 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 25 min 926 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22.044-ü birinci qrup üzrə, 3.912-si isə dördüncü qrup üzrə imtahan verəcək.

Tədbirdə “Abituriyent” jurnalının dördüncü nömrəsinin təqdimatı olub.

azertag.az