“Şəxs adlarının tənzimlənməsi məsələsinə hələ Terminologiya Komissiyası baxır”.
Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, bu səbəbdən də adlarla bağlı problem olduqda bütün qeydiyyat idarələri komissiyaya müraciət edir: “Son aylarda “Albert”, “Enes”, “EvrenEse”, “Taha”, “Turantürk” kimi adların qoyulmasının qarşısı alınıb. Çünki “Taha” adının bizdə heç bir mənası yoxdur. Bəzi adlar isə dilimizə tamamilə uyğun deyil”.
Sədr müavini bildirib ki, komissiyaya məktublarla müraciət edirlər, həmin adlar müzakirə olunur və bu adların qarşısı alınır. “Turantürk” adının mənası araşdırıldı, məlum oldu ki, Turan sözü türk mənşəli sözdür, həmin söz elə "Türk" mənasını ifadə edir. İki eyni sözü yan-yana işlətmək olmaz. Belə ad qoymaqla nə etmək istəyirlər bilmirəm?!”
S.Sadıqova qeyd edib ki, şəxs adlarının nizamlanması istiqamətində qeydiyyat idarələri də mühüm işlər aparır: "Hər bir ad bizim sistemimizə daxil ola bilməz”.
O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına görə, cinsi uyğun gəlməyən, dilimizə yad olan, mənası düzgün verilməyən, mənası olmayan, uşağın gələcəyinə xələl gətirən və s. adların qoyulması qadağandır: “Qərara əsasən, məhkəmə də işini görür və həmin adların qoyulmağından imtina olunur. Komissiyanın işi də Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Biz dövlətin irəli sürdüyü qərarları yerinə yetiririk”.
report.az