Məktəbəqədər təhsil ölkənin orta və uzunmüddətli sosial-iqtisadi inkişafına təsir edən ən vacib təhsil pilləsidir. Bu sahənin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilir.
Bunu jurnalistlərə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmizdə məktəbəqədər hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilir və bu istiqamətdə göstəricinin 90 faizə çatdırılması məqsəd kimi vurğulanır. Bu gün məktəbəqədər hazırlığın səviyyəsi 20 faizdən aşağıdır.
M.Cabbarov deyib: “Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində bir sıra yeni uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. Qanunvericilikdə təhsilin bu pilləsinə özəl sərmayənin cəlb olunması üçün xüsusi dəyişikliklər edilib. Təhsil Nazirliyi iki il əvvəl Bakıdakı məktəblərdən başlayaraq ödənişli məktəbəqədər təhsil hazırlıq kurslarının təşkilinə başlayıb. Bu layihə uğurlu nəticələr verib”.
M.Cabbarov diqqətə çatdırıb ki, gələcəkdə məktəbəqədər təhsil hazırlıq kurslarının bütün bölgələrdə və ödənişsiz olması üçün Nazirlər Kabinetinə təklif göndərilib. O bildirib: “Çox şadıq ki, hökumət bu məsələyə müsbət yanaşır. Bu tədbirin uğurla həyata keçirilməsi üçün hazırlıq aparmalıyıq. Bizim planımıza əsasən, bu layihə ilə məktəbəqədər hazırlığın səviyyəsi bir neçə dəfə artacaq”.
azertag.az