Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə icrasına başlanılan “Retro Bakı” layihəsi çərçivəsində iyulun 16-da və 17-də növbəti konsertlər keçiriləcək.
İdarədən bildirilib ki, bu həftə “Retro Bakı”da məşhur şanson mahnılarının ifaçısı Ceyhun Bakinski tamaşaçıların görüşünə gələcək. Həmçinin müğənnilər Ülkər Quliyeva və Nihad Məlik, “Nabadi” gürcü folklor ansamblı, “Stage Forever” gitara çalanlar və “Bakı” estrada qrupları, “Səma” rəqs ansamblı rəngarəng proqramlarla çıxış edəcəklər.
Oktyabrın ortalarınadək davam edəcək layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaq və yay aylarında paytaxt sakinlərinin asudə vaxtının səmərəli keçməsinə nail olmaqdır. Layihə çərçivəsində hər şənbə və bazar günü axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.
azertag.az