“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, ilkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, I və II Nügədi kəndlərindən keçən 11,5 kilometrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib. 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.
Yol boyu zəruri olan yerlərdə kommunikasiya xətləri yenilənib, bəzi yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Bundan başqa, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, 7 yerdə isə əlavə olaraq yeni su boruları tikilib. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə ikiqat olmaqla yolun 82 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1500 poqonmetr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür. Əsaslı təmir işləri çərçivəsində yolun 4-cü kilometrində uzunluğu 57 metr və 7-ci kilometrində uzunluğu 101 metr olan iki avtomobil körpüsünün təmiri də aparılıb. Hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri olmaqla körpülərin ümumi eni 8 metr təşkil edir. Körpülərdə piyada səkiləri və mühəccərlər də bərpa olunub.
Sözügedən yolda təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
azertag.az