Azərbaycan səfiri İordaniyanın mədəniyyət naziri ilə görüşmüşdür
9.6.2011

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin mədəniyyət naziri Tariq Masarva ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Bu ilin aprelində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərini xatırladan T.Masarva Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü yüksək qiymətləndirmişdir. Nazir respublikamızın sürətli inkişafının, Bakının tarix ilə müasirliyi özündə necə qovuşdurduğunun şahidi olduğunu, səfər zamanı Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin inciləri ilə tanış olduğunu bildirərək bütün bunlardan zövq aldığını vurğulamışdır.
Azərbaycana səfəri zamanı hər iki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq üzrə üçillik protokolun imzalandığını deyən iordaniyalı nazir sənəddə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etmişdir.
Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmış və əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müzakirə edilmişdir. Cari ilin iyulun sonunda İordaniyada başlayacaq Cəraş Festivalında iştirak etmək üçün Azərbaycandan da musiqiçilərin dəvət olunacağı bildirilmişdir.
T.Masarva E.Araslının həyat yoldaşı Elvira Araslı tərəfindən İordaniya haqqında yazdığı “İordaniya – mənim məhəbbətim” kitabını yüksək qiymətləndirərək nəşrin müxtəlif dillərə tərcümə olunmasını təklif etmişdir.