Tvinninq layihəsinin Azərbaycanın mədəniyyət sektorunun inkişafında böyük potensialı var
20.7.2016

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə nazirliyin aparat rəhbəri, tvinninq layihəsinin komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.

Nazirlikdən bildirilib ki, səfərin ilk günündə Florensiya şəhərinin Guadagni Strozzi Sacrati sarayında Toskana Regional Hökumətinin vitse-prezidenti xanım Monika Barnini, Florensiya merinin müavini xanım Kristina Caki, Toskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə birgə görüş keçirilib. Görüşdə ölkələrin əməkdaşlığında son zamanlarda əldə olunan nəticələr, eləcə də bunun bir nümunəsi olan tvinninq layihəsi müzakirə edilib. Hər iki tərəf öz nitqlərində tvinninq layihəsinin Azərbaycanın mədəniyyət sektorunun inkişafında böyük potensialı olduğunu bildirib.

Daha sonra mədəni irsin idarə edilməsi mövzusunda Toskana Regional Hökumətinin vəzifələrinin və müvafiq qanunvericiliyin təqdimatı keçirilib.

Görüşdən sonra Florensiya şəhərinin məşhur “Vecchio” sarayı ziyarət olunub.

Qeyd edək ki, “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlayıb.

azertag.az