“Mahmud və Məryəm” filminin yaradıcı heyəti Bakıya gəlir
16.7.2012

Türkiyə və Azərbaycanın birgə film layihəsi olacaq “Mahmud və Məryəm”in yaradıcı heyəti Bakıya gəlir.

Aktrisa Məlahət Abbasova rəsmi Facebook səhifəsində bildirib ki, yaradıcı heyət Bakıda, iyulun 18-də mətbuat nümayəndələri ilə görüşəcək.

Rejissor Mehmet Ada Öztekin və aktyorlardan ibarət olacaq yaradıcı heyət artıq bu gün axşam saatlarında Bakıya təşrif buyuracaq.

Qeyd edək ki, Elçin Əfəndiyevin ssenarisi əsasında çəkiləcək filimdə “Öylə bir keçər zaman kı” teleserialında oynayan Mete (Aras Bulut İynemli), Eva Dedova, Fəxrəddin Manafov, Məlahət Abbasova, Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, İlker Kizmaz, Ramiz Məlikov, Mert Öcal və Cemal Hünal rol alacaq.

Filmin Azərbaycandakı çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki “Atəşgah” məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında olacaq. Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” kinostudiyaları tərəfindən istehsal olunacaq film savaş, səfalət və böyük sevgidən bəhs edəcək.

Qeyd edək ki, jurnalistlər üçün nəzərdə tutulan mətbuat konfransına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatılacağı gözlənilir.

Gün.Az