Artıq telefon abunəçiləri ilə müqavilələr müddətsiz olaraq bağlanacaq və müqavilə bağlanmamasına görə telefonlar şəbəkədən açılmayacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, bu barədə nazir Əli Abbasov rabitə birlik və müəssisə rəhbərlərinə tapşırıq verib.
Tapşırıqda qeyd olunub ki, əksər hallarda abunəçilər müqavilələrdə göstərilən ünvanlarda telefonlardan istifadəni davam etdirir və yeni müqavilənin bağlanmasına ehtiyac qalmır.
Göstərilənlər, həmçinin abunəçilərin çoxsaylı müraciətləri, abunəçilərlə əlaqələrin elektron xidmətlər əsasında qurulduğu nəzərə alınaraq və stasionar telefon rabitəsi xidmətlərindən istifadədə əhalinin rahatlığının artırılması, abunəçilərin hüquqlarının qorunması üçün tapşırıq verilib.
Bundan sonra, abunəçi ilə yeni müqavilənin bağlanması zərurəti yarandıqda, bu, elektron formada həyata keçiriləcək.
Beləliklə, RİTN-nin bu barədə verilən 08.02.2002-ci il tarixli göstərişi qüvvədən düşmüş hesab edilir.
Qeyd edək ki, son vaxtlar ali hakimiyyət orqanlarına və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə abunəçilərlə müqavilələrin yenidən bağlanmamasına görə, telefonların şəbəkədən açılmasına dair ciddi narazılıqlar və şikayətlər daxil olub.
Gün.Az