Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlığı davam etdirən “Zirə” futbol klubu Türkiyəyə yollanıb.
Klubun rəsmi saytına istinadla verilən xəbərə görə, paytaxt təmsilçisi qardaş ölkəyə bu gün səhər saatlarında yola düşüb.
İyulun 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə” planlaşdırılan təlim-məşq toplanışına yollana bilməmişdi. Oradakı vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı. Ancaq Türkiyədə hadisələrin normallaşması yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirib. Nəticədə baş məşqçi Adil Şükürovun istəyi ilə komanda Türkiyəyə yollanıb. Komanda Bolu toplanışı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək.
azertag.az