Gəncənin Hacıkənd qəsəbəsindəki Beynəlxalq Skaut Düşərgəsi başa çatıb
25.7.2016

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin və şəhər icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil edilən "Wonderland Azərbaycan-2016" adlı Beynəlxalq Skaut Düşərgəsi başa çatıb.

Düşərgə müddətində skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və sair idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənməklə yanaşı, pionerinq, atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, Göygöl və Maralgölə yürüşlər, trekkinq, idman oyunları, ekstrimal gecələmə, maneələr zolağı, "Gəncə macəraları" şəhər turu və digər maraqlı fəaliyyətlərlə məşğul olublar.

Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilib və iştirakçılar liderlik, nizam-intizamlılıq, özünü ifadə və vətənpərvərlik kimi keyfiyyətləri əldə ediblər.

azertag.az