Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Azərbaycan ədəbiyyatında inkişaf yolları və aktual mövzular“ adlı tədbir keçirilmişdir.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən məruzə axşamının qonağı Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva olmuşdur.
AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova tədbir iştirakçılarını salamlayaraq məruzə axşamının qonağını təqdim etmisdir. Vurğulamışdır ki, ədəbiyyat və ədəbi mövzular Azərbaycan xalqının mənəviyyatının, ruhunun ayrılmaz bir hissəsidir. O qeyd etmisdir ki, qloballaşma dövründə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir insan müasir texnikanın köməyi ilə bütün informasiyalara yiyələnməyə qadirdir. Lakin mütəxəssislə canlı təmasda olaraq bu informasiyaları və yenilikləri ondan eşitmək, fikir mübadiləsi aparmaq intellektual insan üçün çox dəyərlidir.
Daha sonra professor Rəhilə Qeybullayeva Azərbaycan ədəbiyyatının inkişaf yolları və aktual mövzularına dair məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycan ədəbiyyatını müxtəlif xalqların ədəbiyyatları ilə müqayisə etmisdir. O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli ədəbiyyatımızın tarixi ilə bağlı aparılan tədqiqat işləri və bu sahədə müxtəlif ölkələrin universitetləri ilə birgə təşkil edilən elmi konfranslar haqqında məlumat vermişdir.
Sonra fikir mübadiləsi aparılmış və məruzəçi verilən sualları cavablandırmışdır.
Tədbirdə Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Aux, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədəki diasporumuzun nümayəndələri iştirak etmişlər.
Professor R.Qeybullayeva bir gün əvvəl Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında “Hüseyn Cavid. Stalinizm dövründə ədəbi talelər“ mövzusunda ingilis dilində açıq mühazirə oxumuşdur.
AzərTAc