“Molla Nəsrəddin-Azərbaycan-2016” Beynəlxalq Karikatura Müsabiqəsi keçirilir
29.7.2016

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” Beynəlxalq Karikatura Müsabiqəsi keçirir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin rəsmi saytına istinadla verilən xəbərə görə, builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər bir rəssam 2-5 karikatura göndərə bilər. Karikaturaları oktyabrın 15-dək 300 “dpi”, “jpg” formatında mollanasreddin2016@gmail.com ünvana göndərmək lazımdır. Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.


azertag.az