Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərə gələn Böyük Britaniya parlamentinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində iyulun 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Nazirlikdən bildirilib ki, nümayəndə heyəti ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılmasından söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.
Görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, nümayəndə heyətinə Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkmən rəhbərlik edir.
azertag.az