Bu gün Beynəlxalq Pələnglər Günüdür
29.7.2016

Beynəlxalq Pələnglər Günü bütün dünyada hər il iyulun 29-də qeyd olunur. Məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır. Bu bayram 2010-cu ildə Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə pələnglərin qorunması məsələləri üzrə keçirilən beynəlxalq forumda təsis edilib.

Təəssüf ki, vəhşi təbiətdə bu heyvanların sayı son yüzillikdə getdikcə azalır. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib.

Bundan başqa, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə - Yava və Bali adalarında (1960-1980-ci illərdə), Cənubi Qafqazda (1930-cu illərdə), Orta Asiyada (1960-cı illərdə) tamamilə məhv edilib. Hazırda təbiətin bu nadir canlılarının doqquz tanınmış yarımnövündən yalnız altısı qalıb.

azertag.az