Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 avqust – Milli Kino Günü ilə bağlı bir qrup kino xadiminə pul mükafatları təqdim edib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, mükafatlar Azərbaycan kinosunda uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə və Milli Kino Günü münasibətilə verilib.
Təqdim edilən pul mükafatlarından başqa, ittifaqın özünün təsis etdiyi Milli Kino Mükafatı da öz sahibinə verilib. Bu il Milli Kino mükafatına (2000 manat) Xalq Artisti Eldar Quliyev layiq görülüb.
Həmçinin yubilyarlar - Xalq Artisti Ramiz Fətəliyev, Əməkdar İncəsənət xadimləri Oqtay Babazadə, Yavər Rzayev, Fuad Vəlixanov, Əməkdar Mədəniyyət işçiləri Tağı Babayev, Rəfiqə Budaqlı, Əməkdar Rəssam Fikrət Ələkbərova 500 manat mükafat təqdim edilib.
Bununla yanaşı, ittifaq tərəfindən veteranlara - Əməkdar Mədəniyyət işçiləri Natalya Şneyer, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Rimma Abdullayeva, Pərviz Quliyev, Ənvər Əbluc, Nəriman Şıxəliyev, Akif Rüstəmov, Vladimir Dudniçenko, Elman Əliyev və Kamal Seyidova 300 manat məbləğində pul mükafatı verilib.
azertag.az