“Retro Bakı” layihəsi paytaxt sakinlərinin könlünü oxşamaqda davam edir
2.8.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında keçirilən “Retro Bakı” layihəsinin konsertləri davam edir.

İdarədən bildirilib ki, bu həftə keçirilən konsertlərdə Əməkdar Artist Elza Seyidcahan, tanınmış müğənnilər İlqar Sail, Aysel Əlizadə, Leyla Ramazanlı, Könül Şıxəliyeva, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova, “Azad” rəqs qrupu və rəqqasə Səbinə İsmayılova ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

azertag.az