İyulun 30-dan başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.
12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.
Yerli və xarici musiqisevərlər avqustun 1-də açıq havada keçirilən muğam axşamını həvəslə gözləyirdilər. Konsertə böyük tamaşaçı marağı olduğu üçün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnənin önünə əlavə oturacaqlar da yerləşdirilmişdi.
Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi II Respublika Televiziya Muğam Müsabiqəsinin qalibi xanəndə Güllü Muradovanın və I Respublika Televiziya Muğam Müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti xanəndə İlkin Əhmədovun çıxışları böyük marağa səbəb oldu.
Gənc və istedadlı muğam ifaçılarını tarda Əməkdar artistlər Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, həmçinin nağarada Emin Cəbrayılov, balabanda Fəqan Ələsgərov, udda Şəfa Kərimov müşayiət edirdi.
İki minədək tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatdı.
azertag.az