2011-ci ilin oktyabrında Londonda “Bakı” jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatı keçiriləcək. Layihə “Conde Nast” nəşriyyat evi ilə birgə həyata keçirilir.
Yeni jurnal, 2007-ci ildən Rusiyada uğurla dərc olunan və Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) sədri, “Ətraf mühitin mühafizəsi fəaliyyəti üzrə beynəlxalq dialoq” kampaniyasının (International Dialoguae for Environmental Action - IDEA) təşəbbüsçüsü Leyla Əliyevanın rəhbərlik etdiyi rusdilli analoqu kimi indi ingilisdilli oxucunu da yalnız Xəzər sahillərindəki qədim Odlar yurdunun qədim mədəniyyəti, zəngin tarixi, gözəl və müdrik adətləri ilə tanış etməyəcək, həm də azərbaycanlıların müasir həyatı haqqında danışacaq.
“Bakı” dünyaya Azərbaycanı və onun paytaxtını yenidən kəşf etməkdə, onun xalqının ən gizli və yaxşı cəhətlərini üzə çıxarmaqda kömək edəcək. Bu jurnal böyük şəhərin vizit kartını, nəhəng dünyanın interyerində ölkənin portreti olacaq.
İngilisdilli “Bakı” layihəsini həyata keçirən məşhur “Conde Nast” nəşriyyat evinin düşüncəsinə görə, jurnal yalnız Böyük Britaniyada deyil, həm də Fransa, ABŞ, İtaliya və digər ölkələrdə yayımlanacaq.