Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində məktəblilər üçün 1-ci “Aqro düşərgə” təşkil edib.
Təhsil Nazirliyindən bildiriblər ki, iyulun 31-dən avqustun 7-dək keçirilən düşərgənin əsas qayəsi aqrar sahənin perspektiv inkişaf istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etməkdən ibarət olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında keçirilən “Aqro düşərgə”də 50 məktəbli iştirak edib. Onlar Bakı şəhərinin müxtəlif məktəblərində yaradılmış “Ekoklub”ların fəal üzvləri arasından seçilib.
”Aqro düşərgə”də məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemlənməsi, yoluxmayan daxili xəstəliklər, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib. Həmçinin məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə tanış olub, müxtəlif məhsulların hazırlanması prosesində bilavasitə iştirak ediblər.
Düşərgə iştirakçıları Nizami Gəncəvinin məqbərəsində və bir sıra muzey komplekslərində olub, Şəmkir rayonundakı “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində səmərəli asudə vaxt keçiriblər.
“Aqro düşərgə”nin iştirakçılarına diplomlar verilib.
azertag.az