Bu gün XXXİ Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb.
Cüdo üzrə Azərbaycan millisinin üzvü Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib. Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvariyə qalib qəlib.
Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksəlib.
Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. Təmsilçimiz məğlub olaraq gümüş medal qazanıb.
apa.az