Slovakiya XİN-in dövlət katibi: "Azərbaycan Cənubi Qafqazda mühüm siyasi oyunçudur"
10.8.2016

"Azərbaycan Cənubi Qafqazda mühüm siyasi oyunçudur, ölkənin iqtisadiyyatı bütün region iqtisadiyyatının 80%-ni təşkil edir. Bakı həmçinin energetika və enerji infrastruktur layihələri sahəsində Avropa İttifaqının mühüm tərəfdaşıdır".
Bunu eksklüziv müsahibəsində Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Lukaş Parizek deyib.
Onun sözlərinə görə, Slovakiya Xarici İşlər Nazirliyinin Azərbaycanda səfirliyin açılmasında uzunmüddətli maraqları var.
"Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlər dostluq səviyyəsindədir və heç bir problem yoxdur. Hərçənd iqtisadi əlaqələr və ticarət sahəsində istifadə edilməmiş böyük potensial mövcuddur. Slovakiya Respublikası birgə siyasi dialoqun daha da intensivləşdirilməsində, eləcə də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır", - deyə L.Parizek bildirib.
O qeyd edib ki, Slovakiya energetika, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, istehsalı sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı və turizm sahəsində Azərbaycanla əməkdaşlıqda böyük potensial görür.

report.az