​Bakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək
11.8.2016

Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi, “Atılım Fuarcılık” və “Elan Expo” şirkətlərinin təşkilatçılığı ilə noyabrın 22-24-də “Baku Expo Center”də Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (RecExpo II) keçiriləcək.
Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın ən geniş və əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan “RecExpo II” beynəlxalq inşaat və daşınmaz əmlak şirkətləri tərəfindən layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli bir platformadır.
“RecExpo II” sərgisində Azərbaycan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.
Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.
Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkətlərin nümayəndələri daxildir.

report.az