GoMap.az saytının APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin hər biri pasportlaşdırılacaq və nümunələrin Azərbaycan xalqına məxsusluğu haqqında şəhadətnamələr veriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli deyib. Onun sözlərinə görə, bu bənd yaxın vaxtlarda təsdiqlənməsi nəzərdə tutulan Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə uyğun olaraq həyata keçiriləcək.
Y. Hüseynli qeyd edib ki, dövlət reyestrinə Azərbaycan ərazisi üzrə ümumilikdə 4300-dən artıq nümunə daxil edilib: “Məqsəd diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına nail olmaqdır. Burada folklor – xalq mahnıları, dastanları, rəqsləri, şifahi xalq yaradıcılığı nümunələri, sənətkarlığa - tətbiqi, təsviri və dekorativ, kulinariya nümunələri, diyarşünaslığa gəldikdə milli bayramlarımız, tarixi-ictimai münasibətlər və digərləri daxildir. Son razılaşdırılma mərhələsindəyik və nazirlik olaraq AMEA-nın müvafiq qurumlarına, digər təşkilatlara müraciət edərək rəy və təkliflərini verməsinə dair məktublar ünvanlamışıq. Bu iş yekunlaşdıqdan sonra artıq təsdiqlənəcək. Bu proses UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyasına uyğun olaraq hər bir dövlətin ərazisində gedir”.
Prosesin üç mərhələdən ibarət olacağının qeyd edən nazirliyin sektor müdiri, ilkin mərhələdə bu cür nümunələrin siyahısının tutulduğunu deyib: “İkinci mərhələdə hər bir nümunəyə Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda Müəllif Hüquqları Agentliyi tərəfindən pasport və Azərbaycan xalqına məxsusluğu haqqında şəhadətnamə veriləcək. Üçüncü mərhələdə isə hər bir nümunənin faylı yaradılacaq”.