Bərdə rayonunun Qaradırnaq kəndində tibb məntəqəsi istifadəyə verilmişdir
23.7.2012

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Bərdənin Qaradırnaq kəndində tibb məntəqəsinin inşası” layihəsi başa çatmışdır.
Bu münasibətlə rayonun Qaradırnaq kəndində mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verərək, bu layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırmışdır.
Qeyd olunmuşdur ki, “Bərdənin Qaradırnaq kəndində tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Qadınların Təşəbbüsləri” İctimai Birliyi arasında 2012-ci il fevralın 15-də imzalanmışdır.
Layihənin məqsədi Bərdə rayonunun Qaradırnaq və qonşu altı kəndinin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün şərait yaratmaqdır. Layihədən təqribən 13 mindən çox insan faydalanacaqdır. Bərdə rayonunda 11-ci dəfə həyata keçirilən layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının məbləği 105 min 787 ABŞ dolları təşkil edir. Yaponiyanın müxtəlif sahələrlə bağlı Azərbaycana ayırdığı rəsmi yardımın ümumi məbləği isə 1 milyard ABŞ dollarını ötmüşdür.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları bina ilə tanış olmuşlar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılmışdır.

AzərTAc