2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Təhsil Nazirliyindən bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq.
İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Hazırda 1070 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 26-da başa çatacaq.
“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
2016-2017-ci tədris ilində Bakıdakı 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3 min 580, Gəncədəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 600 şagird yeri ayrılıb.
azertag.az